NƏ ÜÇÜN “HİZBULLAH” DÖYÜŞÜR, LİVAN ORDUSU İSƏ YOX
15 illik vətəndaş müharibəsinin dəhşətlərini görən ölkədə hərbi güc ciddi məsələdir. Livan ordusuna əsgərləri ölkənin əsas dini icmalarından - müsəlmanlardan (şiələr, sünnilər və druzlar) və xristianlardan toplayırlar ki, ordu özlüyündə, həqiqətən, milli silahlı qüvvələr olsun.
Livan ordusu kiçikdir, cəmi 38 min hərbi qulluqçusu var. Üstəlik, ordunun keçmiş generalı Amin Xoteytin sözlərinə görə, o, pis silahlanmışdır. Adicə döyüş texnikası, məsələn, hava hücumundan müdafiə qurğuları çatışmır. Hərbi hava qüvvələrinin reaktiv qırıcıları, hərbi dəniz donanmasının döyüş gəmiləri yoxdur. General vurğulayır ki, Livan ordusunun zəifliyi “Hizbullah”ın hərbi gücünü ancaq nəzərə çarpdırır. O, qeyd etmişdir ki, “Hizbullah” Livanın müdafiəsinin tərkib hissəsidir. Livan ordusu adi silahlı birləşmə olduğu halda, “Hizbullah”ın İsrailə qarşı partizan reydləri keçirmək üçün geniş imkanları var.
“Hizbullah” məxfilik rejiminə ciddi riayət edir. Buna görə də onun nə kimi gücə malik olduğunu müəyyən etmək çətindir. Lakin hərbi təhlilçilər deyirlər ki, qruplaşmanın sıralarında yaxşı hazırlıq keçmiş minlərlə döyüşçü var və onlar partizan müharibəsi aparmaq üçün hər şeylə təmin edilmişlər.
“Hizbullah” 1980-ci ilin əvvəllərində, 1982-ci ildə İsrailin Livana müdaxiləsindən sonra meydana gəlmişdir. Onu İsrail qoşunlarını Livanın cənubundan çıxarmağa məcbur etmək məqsədi ilə bir qrup şiə yaratmışdır. Hərəkata şeyx Həsən Nəsrulla başçılıq etmişdir. İsrail qoşunlarını Livandan 2002-ci ildə çıxarmışdır.
Livan ordusunun keçmiş generalı Elias Xanna deyir: “Hizbullah” ərəb dünyasının şərəfini qorumuşdur, tariximizdə ilk dəfə olaraq Livanın cənubunu azad etmişdir”.
Livanlıların çoxu İsrail işğalına son qoyduğuna görə “Hizbullah”a minnətdarlığını bildirmişdir. Lakin indi bu fikirdədirlər ki, “Hizbullah” onları istəmədikləri müharibəyə cəlb etmişdir.
Qruplaşmanın tərksilah edilməsi çağırışı dəfələrlə səslənmişdir, bunu 2004-cü ildə BMT də tələb etmişdir. Lakin “Hizbullah” silahlı mübarizədən imtina etmək təkliflərini qətiyyən yaxın qoymamışdır.
General Xanna deyir ki, beynəlxalq birliyin narazılığına baxmayaraq, Livan ordusu bu qruplaşmaya qarşı, çətin ki bir tədbir görsün, çünki ordudakı əsgərlərin əksəriyyəti şiələrdir, onların arasında isə “Hizbullah”ın tərəfdarları hamıdan çoxdur.
İsrail təkid edir ki, onun əməliyyatlarından məqsəd yalnız “Hizbullah”dır. Lakin Livan hökuməti anlatmışdır ki, İsrail ölkənin cənub bölgələrinə böyük hərbi kontingent yeritsə, ordu kənarda qalmayacaqdır.
Hələlik isə Livan uğrunda ancaq “Hizbullah” vuruşur.