“Neftçi”- “Dinamo” (Tbilisi) matçının birinci hissəsində hesab açılmayıb
Bakı, 14 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”- “Dinamo” (Tbilisi) matçının ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşdə hesab açılmayıb.
Komandalar arasında Tbilisidəki ilk qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən, heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.
Bu, “Neftçi”nin Çempionlar Liqasında yubiley - 20-ci matçıdır. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. Səkkiz qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran “Neftçi” qapısında 33 top görüb.