Nərimanov rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar rayon ictimaiyyəti və rayonda yaşayan 20 Yanvar şəhid ailələrinin nümayəndələri iştirakı ilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin foyesində Nərimanov rayon ərazisindəki məktəblilərin şagirdlərinin 20 Yanvar hadisələri mövzusunda çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 20 Yanvar faciəsi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, 24 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnikası və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qanlarına qəltan etmişlər.
Qeyd edilmişdir ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi deyil, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli-azadlıq hərəkatının qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün yüzlərlə qəhrəman oğul və qızlarımız təpədən-dırnağadək silahlanmış sovet ordusunun qarşısına əliyalın çıxmağa qadir olduqlarını dünyaya sübut etmişlər.
Baş vermiş hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyəti qeyd edilmiş, 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində Ulu Öndərin əvəzsiz rolu vurğulanmışdır.
Qeyd edilmişdir ki, bu gün Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qanlı Yanvar şəhidlərinin ailələrinə və əlillərinə daim diqqət və qayğı göstərilir.
Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə demişdir ki, 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Tədbirdə rayonda yerləşən məktəb-lisey kompleksinin şagirdlərinin ifasında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.