NƏRİMANOV RAYONUNDA “ANKARA MƏKTƏBİ” MƏKTƏB–LİSEYİNİN YENİ TƏDRİS KORPUSU İSTİFADƏYƏ VERİLMİŞDİR
Mayın 21-də Nərimanov rayonunda “Ankara Məktəbi” məktəb-liseyin yeni tədris korpusu və idman zalı istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən iştirak etmişlər.
Azəbaycanın Dövlət Himni səsləndirildikdən sonra Misir Mərdanov demişdir ki, 2006-cı ildə məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuşdur. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev məktəbə baş çəkərkən bu təhsil ocağında əlavə tədris korpusunun və yeni idman zalının olmasının vacibliyini vurğulamışdı. Bundan sonra Nərimanov Rayon İcra Hakimiyyətinin köməyi ilə burada yeni tədris binası və idman zalı inşa olunmuşdur.
Misir Mərdanov məktəbin Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini bildirmişdir.
Abdin Fərzəliyev, Səlahəddin Dikmən məktəbin savadlı kadrların yetişməsində böyük rol oynacağına, habelə, bu təhsil ocağının məzunlarının beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edəcəklərinə inandıqlarını vurğulamışlar.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları 240 nəfərlik yeni tədris korpusu ilə tanış olmuşlar. Sinif otaqlarında yaradılan şərait, müasir avadanlıqlarla təchiz olunmuş kompyuter zalı şagirdlərə keyfiyyətli təhsil almağa imkan verəcəkdir. Yeni istifadəyə verilmiş geniş idman zalında isə futbol, basketbol, həndbol, voleybol və idmanın digər növləri ilə məşğul olmaq mümkün olacaqdır.
######
![]() |
![]() |

