Niderland Azərbaycanı dost dövlət hesab edir
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etmək məqsədi ilə ölkəmizə səfərə gəlmiş Niderland hökumətinin Xəzər regionu, Türkiyə və Rusiya üzrə Enerji məsələlərinə dair xüsusi elçisi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sabiq prezidenti, senator Rene van der Linder ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, qonağı yenidən Azərbaycanda görməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri demişdir ki, cənab Rene van der Linder Azərbaycanın yaxın dostudur. O, AŞPA-ya rəhbərlik etdiyi müddətdə həmişə ədalətli mövqeyi ilə seçilmişdir. Qonağın Azərbaycana etdiyi səfərləri və aparılan müzakirələri xatırladan O.Əsədov qeyd etmişdir ki, məhz bu səfərlər zamanı aparılan müzakirələrin nəticəsində Azərbaycan ilə AŞPA arasında konstruktiv əməkdaşlıq əlaqələri qurulmuşdur.
Qeyd olunmuşdur ki, senator Rene van der Linderin fəaliyyəti nəticəsində Azərbaycan ilə Niderlandın əlaqələri yaxınlaşmış və iki dövlət arasında əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir.
Səmimi görüşə görə təşəkkürünü bildirən Rene van der Linder yenidən Azərbaycana gəlişindən məmnun qaldığını ifadə etmişdir.
Bildirilmişdir ki, son illər Niderland dövləti bir sıra ölkələrdəki səfirliklərini bağlamışdır. Lakin Azərbaycana verdiyi önəmə və rəsmi Bakını özünün dostu hesab etdiyinə görə, burada səfirliyini açmışdır. Təmsil etdiyi dövlətin Azərbaycanla hərtərəfli əməkdaşlıq etmək istəyini vurğulayan qonaq noyabrın 18-də Niderlandın iş adamlarından və biznes strukturlarının təmsilçilərindən ibarət böyük nümayəndə heyətinin Bakıya səfər edəcəyini nəzərə çatdırmışdır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qəbul edildiyini və səmərəli söhbət apardığını bildirən senator Azərbaycan ilə Niderlandın siyasi və iqtisadi əlaqələrinin səmərəliliyinin artırılması və daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.