Niderland Krallığında Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi anılıb
Haaqa, 11 fevral, AZƏRTAC
Türkiyə və Suriyada minlərlə insanın həyatına son qoymuş dağıdıcı zəlzələnin qurbanlarına yardım etmək məqsədilə beynəlxalq ictimaiyyət səfərbər oldu.
AZƏRTAC xəbər verir ki, Niderland Krallığında Hollanda Azərbaycan-Türk Kültür Dərnəyi də zəlzələnin ilk saatlarından təbii fəlakətdən əziyyət çəkən insanlara yardım kampaniyasına başlayıb. Bu gün dərnəyin mənzil qərargahında zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş tədbir təşkil edilib.
Əvvəlcə zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev də qatılıb. Səfir zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verərək, yaralıların tezliklə sağalmasını arzulayıb. Zəlzələdə qardaş Azərbaycanın daima Türkiyənin yanında olduğunu deyən səfir bu əbədi qardaşlığın daimi olduğunu vurğulayaraq, onun möhkəmlənməsi üçün hər iki xalqın səylərini daha da artırdığını deyib. Tədbirdə Niderland Krallığında fəaliyyət göstərən məscidlərin imamları da iştirak ediblər. Kuba məscidinin imamı Osman bəy çıxış edərək, bu çətin günlərində Türkiyənin yanında olan hər kəsə təşəkkür edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa