Niyaməddin Paşayev: Bakıdakı turnirin qalibləri Koreyaya səfər edəcəklər
Bakı, 13 oktyabr, AZƏRTAC
“Hər il olduğu kimi bu il də Azərbaycanda taekvondo üzrə “Koreya səfiri kuboku” keçirilir. Ötən illərdə bu turniri müxtəlif bölgələrimizdə təşkil etmişik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev Bakıda keçirilən “Koreya səfiri kuboku” turniri barədə danışarkən deyib.
O, gənclər arasında təşkil olunan yarışda idmançıların 10 çəki dərəcəsində mübarizə aparacağını bildirib: “Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 150-dək idmançı qüvvəsini sınayacaq. Onlar 2007-2009-cu il təvəllüdlü taekvondoçulardır”.
Paşayev “Koreya səfiri kuboku” turnirinin bütün dünyada keçirildiyini vurğulayıb: “Ölkəmizdəki turnirin qalibləri Koreyada təşkil olunacaq analoji yarışda iştirak edəcəklər”.
Federasiyanın vitse-prezidentinin sözlərinə görə, “Koreya səfiri kuboku”nun keçirilməsində əsas məqsəd Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsidir: “Həmçinin istəyimiz respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirmək, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələri inkişaf etdirmək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır”.