CƏMİYYƏT
Nobel Sülh mükafatçısı: Azərbaycanın yüksək elmi potensialı vardır
Bakı, 10 sentyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Bu gün biz xaricdə yaşayan azərbaycanlı alimlərin ilk dəfə keçirilən Forumunda iştirak edirik. Məqsədimiz elm adamları kimi Vətənimizdə icra olunan və ya gələcəkdə icrası planlaşdırılan layihələrə dəstək verməkdir. Ümid edirik ki, bu Forumun sonunda bir neçə illik fəaliyyətimizlə bağlı Strateji Planı formalaşdıracağıq. Əminəm ki, bu vəzifənin öhdəsindən uğurla gələcəyik. Çünki, Azərbaycanın bunun üçün yüksək elmi potensialı, alimlərdən ibarət çox böyük ordusu vardır.
Bu sözləri sentyabrın 10-da Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin Forumunda Nobel Sülh mükafatçısı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəxtiyar Siracov AZƏRTAC-a müsahibəsində bildirib.
Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə elmin dirçəldilməsinin mühüm olduğunu qeyd edən alim deyib: “Digər bir məsələ isə işğaldan azad edilmiş ərazilərimizdə görüləcək elmi işlərimizdir. Bununla bağlı biz sabah o ərazilərdə olacağıq, mühitlə tanış olub Qarabağ Universitetinin əməkdaşları ilə fikir mübadiləsi aparacağıq. Düşünürəm ki, bu, Azərbaycanın gələcəyi üçün olduqca əhəmiyyətli məsələdir.
Qeyd edək ki, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir.