“Nord Stream 2” layihəsi üzrə işlər yenidən başlayır
Bakı, 30 noyabr, AZƏRTAC
ABŞ-ın sanksiyalarına baxmayaraq, Rusiyadan Almaniyaya təbii qaz nəqlini nəzərdə tutan “Şimal axını 2” (“Nord Stream 2”) boru kəməri layihəsi üzrə işlər yenidən başlayacaq.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bəzən ABŞ, Almaniya və Rusiya üçbucağında gərginliyə səbəb olan “Nord Stream 2” layihəsi üzrə işlər yenidən başlayır.
“Nord Stream 2” layihəsinin sözçüsü Jens Mueller sanksiyalar səbəbindən dayandırılmış 11,2 milyard dollarlıq layihə çərçivəsində borudüzmə işlərinin dekabrın 5-də yenidən başlayacağını açıqlayıb. 1230 kilometrlik boru kəmərinin çəkilişi Trump administrasiyasının əməliyyatçı şirkətlərə sanksiyalar elan etməsi səbəbindən keçən ilin dekabrında dayandırılmışdı.
Almaniya Kansleri Angela Merkel və alman şirkətləri ABŞ-ın bu prosesə müdaxiləsinin qarşısını almaq üçün fərqli cəhdlər edirdi. ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Rusiya qazından asılılığının artacağını əsas gətirərək layihənin qarşısını almaq istəyirdi.
Qeyd edək ki, “Nord Stream 2” boru qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.