Norveçdə 106 maral qatarın altına düşərək tələf olub
Stokholm, 27 noyabr, AZƏRTAC
Norveçdə 100-dən çox Şimal maralı son bir neçə gündə qatarın altına düşərək tələf olub.
AZƏRTAC “The Local” nəşrinə istinadla xəbər verir ki, noyabrın 25-də bir qatar 65 maralın ölümünə səbəb olub, daha 44 maral isə ötən həftənin çərşənbə və cümə günləri tələf olub.
Maral sürüsü sahiblərindən biri Ule Henrik Kappfyell jurnalistlərə müsahibəsində bildirib ki, marallar hədər yerə tələf olub. Onun sözlərinə görə, marallardan biri lokomotivə ilişib və qatar stansiyaya çatıb dayanana qədər bu vəziyyətdə qalıb.
U.H.Kappfyell deyib ki, ötən cümə axşamı tələf olmuş bir neçə maralı toplamağa çalışıb. Ancaq bəzi rayonlara hətta xüsusi vasitələrlə gedib çıxmaq çətin olub. O, Norveç Dövlət Dəmir Yollarının regional rəhbərliyinə müraciət etməyə məcbur olub və xahiş edib ki, adətən maralların dolaşdığı bəzi sahələrdə qatarların sürətini azaltması tələbi ilə maşinistlərə məlumat göndərsin. Amma texniki problemlər üzündən məlumat maşinistlərə çatmayıb. Beləliklə, ötən həftənin çərşənbə, cümə və şənbə günlərində ümumən 106 maral həlak olub.
Bu hadisədən sonra maral sahibləri problemin həll olunmasını və dəmir yolunun keçdiyi ərazinin hasarlanmasını tələb ediblər.
Jurnalistlər bildirirlər ki, ilin bu vaxtında çobanlar maralları yemləmək üçün qış otlaqlarına aparırlar. Bu, təhlükəli səyahətdir, çünki heyvanların çoxu maşınların və qatarların altına düşür, bəziləri isə suda boğulur. Rəsmi məlumata görə, 2013-2016-cı illər arasında Şimal dəmir yolu xətti boyunca 2 mindən çox maral tələf olub.
Qeyd edək ki, Norveçdə təxminən 250 min baş yarıməhliləşdirilmiş maral var və onların çoxu ölkənin ən şimalında yaşayır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi
müxbiri