Növbəti virtual səyahət Şəkiyə təşkil olunub
Bakı, 23 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsini davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, növbəti virtual səyahət Şəki rayonunadır. Videoçarxda Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən Şəkinin ərazisi, əhalisi, iqlimi haqqında məlumat verilir. Qeyd olunur ki, Şəki Azərbaycanın şimal-qərb zonasında yerləşir, dənizdən 632 metr hündürlükdədir. Şəki-Zaqatala iqtisadi rayonuna aiddir. Şəkinin iri çayları qeyd olunur və rayonun təbiətinə aid bir-birindən gözəl fotolar yerləşdirilib. Burada rayonun sənaye və kənd təsərrüfatı sahələri də sadalanır.
Tarixi-memarlıq abidələrinə xüsusi yer ayrılıb: UNESCO-nun siyahısına daxil edilən Şəki Xan Sarayı, Yuxarı Karvansara, Aşağı Karvansara, Xan məscidi və s. Şəkinin müasir tikililəri və istirahət məkanlarının, parkların da fotoları videoçarxda yerləşdirilib.
Videoçarxda Şəkinin görkəmli şəxsiyyətlərinin fotoları mərkəzi yer alıb. Onların arasında M.F.Axundzadə, S.Mumtaz, F.X.Xoyski, Ə.Cəbrayılov, S.Rəhman, B.Vahabzadə, L.Abdullayev və b.
Şəki halvası və Şəki kəlağayısı da diqqəti cəlb edir.
Müğənni Qismət Şəkilinin ifasının müşayiəti ilə Şəkiyə aid bir-birini əvəz edən fotolar maraq doğurur.
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları "Facebook"da “Kitabsevər uşaqlar” səhifəsindən də izləmək olar.
Virtual turlar davam edir.