NYU-YORKDA GUAM+ABŞ BİRGƏ BƏYANATI QƏBUL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Nyu-Yorkda BMT Baş Məclisinin 63-cü sessiyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurası+ABŞ formatında təşkilatın 14-cü iclası keçirilmişdir. İclasda GUAM+ABŞ birgə bəyanatı qəbul edilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətimdən bildirmişlər ki, tərəflər GUAM+ABŞ siyasi dialoqunun ardıcıl və davamlı xarakter daşıdığını bir daha bəyan etmişlər.
Bəyanatda deyilir ki, iclasda regiondakı vəziyyət, BMT Baş Məclisinin 63-cü sessiyasının gündəliyinin 13-cü bəndi - “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” ilə bağlı birgə səylərə dair fikir mübadiləsi aparılmışdır.
Tərəflər, GUAM ərazisində həlli uzanan münaqişələrin təşkilata üzv ölkələrin suverenliyi, ərazi bötüvlüyü və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipi, eləcə də beynəlxalq hüququn digər prinsipləri əsasında həll edilməsi istiqamətində beynəlxalq ictimaiyyətin öz səylərini daha da artıracağına əminliklərini ifadə etmişlər.
İclasda bu ilin iyulun 1-də Batumidə 3-cü GUAM sammiti çərçivəsində GUAM+ABŞ formatında keçirilmiş görüşdən sonrakı əməkdaşlıq qiymətləndirilmiş və 2008-2009-cu illərdə insan alveri, qanunsuz miqrasiya, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə, GUAM Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin milli bəndlərinin müasirləşdirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsinin davam etdirilməsi barədə razılığa gəlinmişdir.
Tərəflər, həmçinin GUAM+ABŞ çərçivə proqramının ticarət və nəqliyyat sahələrində layihələrinin gerçəkləşdirilməsində əməkdaşlıq, sərhədlərin mühafizəsi, gömrük nəzarəti, terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotikla alveri ilə mübarizə, GUAM nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsi üçün üzv ölkələrin sərhəd xidmətlərinə kömək məqsədi ilə sərhəd əməkdaşlığı sahəsində yeni layihələrə dair fikir mübadiləsi aparmışlar.
İclas iştirakçıları ABŞ-ın təşkilata, eləcə də onun Katibliyinə göstərdiyi texniki yardımı yüksək qiymətləndirmişlər.
Bəyanatda deyilir ki, iclasda GUAM+ABŞ formatında növbəti görüşün dekabrın əvvəlində Helsinkidə ATƏT Nazirlər Şurası çərçivəsində keçirilməsi barədə razılıq əldə edilmişdir.