“Oftalmologiyanın aktual problemləri” monoqrafiyası ilk dəfə ingilis dilində çapdan çıxıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan oftalmologiya elmi məktəbinin yaradıcısı akademik Zərifə Əliyeva, akademik Larisa Moşetova və professor Nina Şulpinanın 1983-cü ildə rus dilində nəşr edilmiş “Oftalmologiyanın aktual problemləri” monoqrafiyası ilk dəfə olaraq ingilis dilinə professional tərcümə edilib və yeni redaksiyada AMEA “Elm” nəşriyyatında çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, monoqrafiya nəşrə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Elmar Qasımov tərəfindən hazırlanıb və elmi redaktə olunub. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 noyabr tarixli “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2022-ci il 22 noyabr tarixli qərarına əsasən nəşr edilmiş monoqrafiyaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və müəlliflərdən biri – Rusiya Fasiləsiz Peşəkarlıq Təhsili Tibb Akademiyasının prezidenti akademik Larisa Moşetova ön söz yazıblar.
Bu əsər oftalmologiyanın aktual problemlərinə həsr olunmuş beş bölməni - həkimin mənəvi tərbiyəsi, deontologiya məsələləri, tibbi etika və əxlaq, göz biomikroskopiyasının müasir aspektləri, göz virologiyasının əsasları, görmə orqanının zədələnmələri və göz mikrocərrahiyyəsinin propedevtikası məsələlərini əhatə edir. Müəlliflər oftalmoloqlar üçün təkmilləşdirmə və ixtisasartırma üzrə vahid proqramın və metodik göstərişlərin tələblərinə uyğun olaraq, ixtisasın nəzəriyyəsi və praktikasında əldə olunmuş nailiyyətləri, eləcə də öz elmi töhfələrini işıqlandırıblar.
Monoqrafiyasının ingilis versiyası oftalmoloqlar, tibb ixtisasartırma institut və fakültələrinin müəllimləri, eləcə də ingiliscə təhsil alan tələbələr üçün dəyərli vəsaitdir.