Oğuz ziyalısı: Qələbələrimizin əsas memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir
Oğuz, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Prezident İlham Əliyev hərb meydanında, eləcə də informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, bütün təzyiqlərə mətanətlə sinə gərdi, öz xalqı ilə birlikdə bu mübarizədə qəhrəmanlıq rəmzinə çevrildi. Böyük güc mərkəzlərinin təhdid və müqavimətinə baxmayaraq, ölkəmizin ərazi bütövlüyü birmənalı olaraq bərpa edildi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Oğuz ziyalısı, Əməkdar müəllim, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rəşid Nurməmmədov söyləyib.
Rayon ziyalısı bildirib ki, 44 gün davam edən döyüşlər zamanı Azərbaycanda yaşayan və bu yurdu özlərinə Vətən bilən bütün xalqlar bir yumruq kimi birləşərək, haqq və ədalət, doğma Qarabağımızın azad edilməsi uğrunda qurban getməyə hər an hazır olduqlarını göstərdilər. Bu möhtəşəm Qələbə ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlıq səviyyəsinin, mükəmməl hazırlanmış hərbi əməliyyatların, eyni zamanda, dişi, dırnağı ilə, yalın əllə düşmənə qalib gəlməyə hazır Azərbaycan əsgərinin sarsılmaz iradəsi nəticəsində əldə edildi. Dinc əhaliyə qarşı ermənilərin törətdikləri bütün vəhşiliklərə baxmayaraq, əsgərlərimizin döyüş meydanlarında erməni əsirlərə, döyüş bölgələrində olan erməni uşaqlara, qocalara, qadınlara göstərdikləri yüksək insani münasibətlər bir daha sübut etdi ki, amalımız yalnız Azərbaycanın ərazi bütövlüyünə qəsd edən erməni silahlılarını bu torpaqlardan həmişəlik qovmaqdır.
Əməkdar müəllim deyib: “Bütün qələbələrimizin əsas memarı öz fəaliyyətini daim cəmiyyətdən gələn sosial sifarişlər əsasında quran, təkcə müharibə dövründə deyil, bütün dövrlərdə prinsipiallıq, yenilməz iradə göstərərək, Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edən, 30 ilə yaxın davam edən Qarabağ düyününün həlli məsələsində siyasi qətiyyət göstərən, keçilən hər mərhələyə uyğun müdrik qərarlar qəbul edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 2003-cü ildə ilk dəfə prezident seçilərkən İlham Əliyev söz vermişdi ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacaq. Bu gün milli və mənəvi dəyərlərə sadiq hər bir Azərbaycan vətəndaşı qürur və iftixar hissi ilə dövlətimizin başçısını “mənim Prezidentim” adlandırır”.