Oğuzda akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Oğuz, 27 aprel, AZƏRTAC
Oğuz rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən tədbir elmi və mənəvi baxımdan əlamətdar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbir iştirakçıları görkəmli alimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə, xüsusilə oftalmologiya sahəsinə verdiyi mühüm töhfələri vurğulayıblar. Görkəmli oftalmoloq-alimin zəngin elmi irsi, çoxşaxəli fəaliyyəti və mənalı həyat yolu böyük ehtiramla xatırlanıb.
Çıxışlarda akademik Zərifə Əliyevanın Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr verdiyi, keçdiyi şərəfli həyat yolunun mənəviyyat və kamillik məktəbi olduğu diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin Zərifə xanımın Azərbaycanda tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlərindən danışıb. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyalarının yaradıldığı vurğulanıb.
Qeyd edilib ki, akademikin humanizmə əsaslanan yanaşması və peşəkarlığı bu gün də tibb işçiləri üçün nümunədir. Onun fəaliyyəti səhiyyə sahəsində çalışanlar üçün istiqamətverici rolunu qoruyub saxlayır və gələcək nəsillərə örnəkdir.
Müxbir - Rasim İslamoğlu