CƏMİYYƏT
Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür

Bakı, 3 oktyabr, AZƏRTAC
Alkoqol asılılığı müasir cəmiyyətin ən böyük problemlərindən biridir. İndi hətta gənclər və yeniyetmələr arasında da alkoqola olan meyil ciddi narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, hər il oktyabrın 3-də müxtəlif ölkələrdə Ümumdünya Alkoqolizmlə Mübarizə Günü çərçivəsində tədbirlərin keçirilməsi də həmin narahatlıq hissindən doğur.
Həmin gün heç bir beynəlxalq təşkilat tərəfindən təsis edilməsə və rəsmi status daşımasa da, həkimlər və sosial işçilər ictimaiyyətin diqqətini alkoqol qəbul etməyin və onun doğurduğu problemlərin nəticəsinə cəlb etməyə çağırırlar. Ümumdünya Alkoqolizmlə Mübarizə Günü XIX əsrdə ABŞ-da həyatını sərxoşluqla mübarizəyə həsr edən ictimai xadim Con Finçin xatirəsinə həsr edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 3 milyona yaxını alkoqol asılılığından əziyyət çəkir. Alkoqoldan istifadəyə vadar edən müxtəlif səbəblər - yorğunluğu çıxarmaq, depressiyadan xilas olmaq, özündə xoş əhvali-ruhiyyə yaratmaq, ovqatı yüksəltmək və sair göstərilir. Lakin alkoqolun mütəmadi istifadəsi orqanizmin ondan asılılığına səbəb olur. İstifadəçilər arasında keyfiyyətsiz spirt və alkoqolun yüksək miqdarda qəbulu nəticəsində baş verən ölüm hadisələri də az deyil.
Alkoqol asılılığı bir sıra başqa xəstəliklərə də səbəb olur. Həmin xəstəliklər sırasına həzm, əsəb, ürək-damar sistemi və s. daxildir. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin 25 faizinin səbəbi alkoqoldan istifadə edilməsidir. Uzun müddət və müntəzəm olaraq çoxlu spirtli içki qəbul edəndə arterial təzyiqin yüksəlməsi, stenokardiya və miokard infarktının baş verməsi və həmin xəstəliklərin ağır keçməsinə daha çox rast gəlinir. Mədə-bağırsaq, xüsusilə qaraciyər, tənəffüs, mərkəzi sinir və endokrin sistemi xəstəlikləri zamanı spirtli içki qəbul etmək müalicənin səmərəsini heçə endirir. Ona görə də həmin xəstələrin müalicəsi zamanı spirtli içki qəbul etməsinə ciddi qadağa qoyulmalıdır, çünki hətta 30-50 qram şərab içilməsi onlar üçün son hədd ola bilər.
Spirtli içkilərə həddən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Müntəzəm olaraq içki içən kişilərin təxminən üçdəbir hissəsi impotensiyadan əziyyət çəkir, qadınlarda reproduktiv funksiyanın fəaliyyəti zəifləyir, dünyaya gətirdikləri uşaqlar ağır qüsurlarla və ya ölü doğulurlar. Doğulan uşaqlar fiziki cəhətdən pis inkişaf edir, onlarda psixi problemlər qeydə alınır. Bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqolun istifadəsi ilə əlaqədardır.
Alkoqol aludəçiliyi sağlamlığa vurduğu zərərdən əlavə, eyni zamanda bütövlükdə cəmiyyətin sosial və iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Alkoqollu içkilər təkcə sağlamlığa zərər vermir, həm də əxlaqı, mənəviyyatı və şəxsiyyəti məhv edir. Bütün bunlara görə də alkoqolizmlə mübarizə zərurətə çevrilib.