DÜNYA
Olaf Şolts: Almaniya Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünü dəstəkləyir
Sarayevo, 9 mart, AZƏRTAC
Almaniya Qərbi Balkan regionu ölkələrinin Avropa İttifaqına (Aİ) üzvlük prosesini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Kansler ölkəsinin Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasına dəstəyini bir daha təkrarlayıb.
“Almaniya hökuməti üçün Qərbi Balkan regionunun 6 ölkəsinin Aİ-yə sürətli inteqrasiyası strateji əhəmiyyət kəsb edir. Biz bu ölkələri ən qısa zamanda Aİ üzvü dövlətlər kimi görmək istəyirik. Aİ-nin üzvlüklə bağlı gözləntiləri isə bu ölkələrdə qanunun aliliyi, mətbuat azadlığı və mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi üçün islahatların aparılmasıdır”, - deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 16-da Tiranada “Berlin Prosesi” təşəbbüsü çərçivəsində Aİ və Qərbi Balkan ölkələrinin liderlərinin sammiti keçiriləcək. Sammitdə əməkdaşlığın artırılması və region ölkələrinin Aİ-yə inteqrasiyasını sürətləndirəcək addımlar müzakirə ediləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo