Olimpiya çempionu Elnur Məmmədli: Azərbaycan Prezidentinin güləşçilərlə görüşü idmançılarımızı yeni uğurlara ruhlandıracaq
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim gənclərə, idmançılara böyük diqqət və qayğı ilə yanaşırlar. Dövlətimizin başçısının U-23 Avropa çempionatında tarix yazan güləşçilərimizi qəbul etməsi Olimpiya çempionu kimi məni çox sevindirir. Həmin görüşdə Prezident İlham Əliyev qazanılan tarixi nailiyyət münasibətilə güləşçilərimizi təbrik etdi, onlara tövsiyələrini verdi. Əminəm ki, bu görüş güləşçilərimizi, ümumilikdə Azərbaycan idmançılarını yeni uğurlara ruhlandıracaq.
Bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli AZƏRTAC-a müsahibəsində deyib.
Olimpiya çempionu dövlətimizin başçısının güləşçilərlə görüşdə idmançılarımızın beynəlxalq yarışlara artıq qalib ölkənin nümayəndələri kimi qatıldıqlarını xüsusi vurğuladığını xatırladaraq bildirib: “Azərbaycan idmançıları 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək torpaqlarımızın düşmən tapdağından azad edilməsində əsl qəhrəmanlıq nümayiş etdirdilər. Bu, ölkəmizdə vətənpərvər gənclərin yetişməsinin bariz nümunəsidir. Sevindirici haldır ki, ölkə gənclərinin böyük əksəriyyəti bədən tərbiyəsi və idmanla fəal məşğul olur. İdman gənclərin pis vərdişlərdən uzaq olması, asudə vaxtlarının səmərəli təşkili üçün ideal imkandır”.
Ölkəmizdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən E.Məmmədli bildirib: “Güləş kimi, cüdo idman növündə də təmsilçilərimiz uğurlu çıxışları ilə diqqət mərkəzindədirlər. Cüdoçularımız son turnirlərdən Vətənə medallarla qayıdıblar. Qarşıda komandamızın üzvlərini ciddi sınaqlar gözləyir. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi gənc idmançıların təcrübə toplaması üçün hər cür şərait yaradıb. İnanıram ki, ölkədə yaradılan güclü idman infrastrukturu və atletlərə yüksək dövlət qayğısı gələcəkdə yeni Avropa, dünya və Olimpiya çempionlarının yetişməsinə şərait yaradacaq”.