Ölkəmizin logistika üzrə təmsilçiləri İstanbulda multimodal daşımaların əhəmiyyəti mövzusunda çıxış ediblər
Bakı, 18 sentyabr, AZƏRTAC
İstanbulda keçirilmiş “Multimodal daşımalar və Logistika” mövzusunda forum çərçivəsində Abşeron Logistika Mərkəzinin nümayəndələri iştirak ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Abşeron Logistika Mərkəzinin nümayəndələri multimodal daşımaların region üzrə əhəmiyyəti mövzusunda çıxış ediblər. Onlar, həmçinin multimodal daşımalar üzrə Mərkəzdə yaradılmış şərait, qeyd olunan istiqamətin inkişafı üzrə hazırkı və gələcək hədəflər barədə məlumat veriblər.
Qeyd edək ki, iki gün davam edən “Multimodal daşımalar və Logistika” mövzusunda forum aparıcı nəqliyyat və logistika şirkətlərinin, biznes assosiasiyalarının, beynəlxalq təşkilatların və regionun müvafiq maraqlı tərəflərinin nümayəndələrini bir araya gətirərək, müxtəlif nəqliyyat növləri ilə yüklərin beynəlxalq daşınması məsələsi üzrə fikir və təcrübə mübadiləsinə imkan yaradıb.