İDMAN
Olqa İsmayılova – Olimpiya Oyunlarında keyrin və sprint üzrə Azərbaycanın ilk təmsilçisi
Bakı, 14 iyun, AZƏRTAC
Bu il Rioda keçiriləcək Yay Olimpiadasında veloyürüşlərin keyrin və sprint növlərində Azərbaycanı Olqa İsmayılova təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, velosipedçinin iştirak etdiyi yarışlara lisenziya uğrunda mübarizə iki il çəkib. Olqa İsmayılova deyib: “Dünya və Avropa çempionatlarını, Dünya Kuboku yarışını adlamaq lazım idi. Nəticədə bu lisenziyanı qazana bildim. Bu, çox çətin idi. Velosiped bahalı idman növüdür, çünki yeni texnologiyalar meydana çıxır. Hər il inventar yenilənir. Azərbaycanın Olimpiadaya vəsiqə qazanması üçün bütün səylər edildi”.
İdmançının fikrincə, Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək onun üçün böyük şərəf və məsuliyyətdir. O. İsmayılova intensiv məşq edir və Rioda yaxşı nəticələr göstərmək üçün çox çalışacağını deyir.
2012-ci ildə London Olimpiadasında Belarusu təmsil edən velosipedçi dünya və Avropa çempionudur.
Riodakı çıxışına qədər O.İsmayılova Polşada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bundan sonra o, Portuqaliyada təlim-məşq toplanışına yollanacaq.
Velosipedçi Olimpiadaya lisenziyanın qazanılmasının Azərbaycanda velosiped idmanının inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.