SİYASƏT
Ombudsman: Ermənistan İkinci Qarabağ müharibəsində insan haqlarının bütün prinsiplərini pozub
![Ombudsman: Ermənistan İkinci Qarabağ müharibəsində insan haqlarının bütün prinsiplərini pozub](/files/2023/1/1200x630/16735252371820911139_1200x630.jpeg)
Ankara, 12 yanvar, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın xüsusilə mülki əhalinin sıx yaşadığı yaşayış yerlərinə ballistik raketlərlə zərbə vurması nəticəsində uşaq, qadın və qocalar da daxil olmaqla çox sayda insanın həyatını itirməsi və yaralanması insan haqlarının, beynəlxalq hüququn əsaslı bir şəkildə pozulması ilə nəticələnib. Müstəqil insan haqlarını qoruyan təşkilat kimi haqqında bəhs etdiyimiz hücumların hədəfində olan yerlərdə apardığımız araşdırmalar bütün bunların müharibə cinayətləri olduğunu təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ankarada “XXI əsrdə insan haqlarının gələcəyi” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında ifadə edib.
Ermənistanın Azərbaycana qarşı çoxistiqamətli cinayətlərindən, eləcə də qadağan olunmuş silahlardan istifadə etməsinə dair faktlardan bəhs edən ombudsman Səbinə Əliyeva deyib: “İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin məskunlaşdığı yaşayış yerlərinə vurulan zərbələr nəticəsində 12 uşaq həyatını itirib, 54 məktəb binası dağıdılıb”.
Ombudsman Səbinə Əliyeva diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi günlərində və ondan sonrakı dövrdə işğalçı Ermənistan tərəfindən insan haqlarının, beynəlxalq hüququn pozması ilə bağlı hazırlanan 15 raport bu sahəni əhatə edən beynəlxalq təşkilatlara göndərilib. Bütün sənədlərdə əsaslandırılıb ki, işğalçı Ermənistan İkinci Qarabağ müharibəsində də insan haqlarının bütün prinsiplərini pozub. Bütün bu cinayətlərin yerindəcə araşdırılmasında və dünya ictimaiyyətinə, eləcə də insan haqları üzrə beynəlxalq təşkilatlara çatdırılmasında Türkiyənin Ombudsman təsisatı yaxından iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara