Ombudsman Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevə aprelin 24-də Fəxri xiyabana gələrək ombudsman təsisatının yaradılmasında və inkişafında böyük rolu olan, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstəsi qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anan müvəkkil şəhidlərin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, aprelin 24-də Milli Məclisin iclasında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin illik məruzəsi dinlənilib.