OMBUDSMAN VƏTƏNDAŞLARI QAN XƏSTƏLİKLƏRİNDƏN ƏZİYYƏT ÇƏKƏN UŞAQLARA KÖMƏK ETMƏYƏ ÇAĞIRIR
Müvəkkil bu əlamətdar günün uşaq hüquqlarının qorunmasına və təmin edilməsinə qayğı və diqqət əlaməti kimi qeyd olunduğunu bildirmiş, vətəndaşları qan xəstəliklərindən əziyyət çəkən uşaqlara kömək göstərməyə çağırmışdır. Ombudsman qana ehtiyacı olan uşaqlara, xüsusən hemofiliya, talassemiya, leykemiya və digər xəstəliklərdən əziyyət çəkənlərə kömək məqsədi ilə on gün müddətində qan donorluğu aksiyası keçirmək təşəbbüsünü irəli sürmüşdür. Qeyd etmişdir ki, ölkəmizdə təxminən 3000-dək uşaq qan xəstəliklərindən əziyyət çəkir. Ağır vəziyyətdə olan 217 hemofiliyalı, 627 talassemiyalı uşağın və leykemiyadan əziyyət çəkən uşaqların hazırda təcili müalicəyə ehtiyacı vardır. Onların müalicəsi üçün, əsasən, sağlam insan qanına kəskin ehtiyac duyulur.
B.Ə.Eyvazov adına Azərbaycan Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” və “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun Dövlət Proqramının hazırlandığını diqqətə çatdırmışdır.
Tədbirdə iştirak edən nazirlik və təşkilatların nümayəndələri mövzu ilə bağlı çıxış etmiş və təkliflər vermişlər.