OMBUDSMANIN İŞTİRAKI İLƏ RUS DİLİNİN TƏDRİSİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman Elmira Süleymanova çıxışında son vaxtlar xarici dillər arasında ingilis dilinin tədrisinə daha çox yer verildiyindən, ümumtəhsil məktəblərində rus dili dərsləri üzrə saatların və bu fənni tədris edən pedaqoqların dərs yükünün azaldılmasını və bununla bağlı müəllimlərin ona müraciət etdiklərini bildirmişdir.
Görüşdə bu məsələyə aydınlıq gətiriləcəyinə ümid etdiyini bildirən natiq, həmçinin bildirmişdir ki, ruslar öz dillərini və mədəniyyətlərini qoruyub saxlamaqla ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında fəal iştirak etmiş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində vətəndaş mövqeyi göstərmişlər.
Təhsil naziri Misir Mərdanov yaranmış problemin mahiyyətinə aydınlıq gətirmişdir. O bildirmişdir ki, ingilis dilinin öyrənilməsinə maraq və valideynlərin bu dilə üstünlük verməsi rus dili qruplarının iki yerə bölünməsi zərurətini aradan qaldırmış, bununla da həmin fənni tədris edən müəllimlərin dərs yükü azalmışdır. Nazir problemin müvəqqəti həlli kimi məktəblərdə tədris olunan müvafiq xarici dillər üzrə saatların şagirdlərin marağına uyğun surətdə qismən azaldılaraq rus dili müəllimlərinə verilməsini məqsədəuyğun saymışdır. O, həmçinin pedaqoji fəaliyyətə yenicə başlayan müəllimlərin dövlət hesabına ixtisasdəyişmə kurslarına göndərilməsini, habelə pensiya ərəfəsində olan müəllimlərin dərs yükünün yüksək həddə saxlanılmasını təklif etmişdir.
Problemin həlli üçün səriştəli işçi qrupunun yaradılmasının vacibliyi vurğulanmış, müəllimlərin dərs yükünün dərnəklər, fakültativ kurslar, həmçinin bazis proqramlarından alınan saatlar hesabına artırılması, müasir tələblərə cavab verən dərsliklər, metodik vasitələrin hazırlanması kimi təkliflər də irəli sürülmüşdür.
E.Süleymanova görüşə yekun vuraraq rus dili müəllimlərinin üzləşdikləri problemlərin insan hüquqları baxımından həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.