“ÖMRÜMÜN İLLƏRİ VƏ İZLƏRİ”
Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının istənilməsində böyük xidmətləri olan görkəmli neftçi-alim, elmlər doktoru, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin “Oskar” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən bu yaxınlarda çapdan buraxılmış kitabını qədim neft səltənəti Azərbaycanın müasir neft sənayesinin son 50 illik tarixinin yığcam, lakin faktlar və hadisələr baxımından kifayət qədər dolğun salnaməsi adlandırmaq olar.
Bəri başdan deyək ki, kitab neftçi-alimin qələmindən çıxsa da, son dərəcə canlı, oxucunu ilk səhifələrdən cəlb edən sadə və aydın duldə yazılmışdır və məziyyətlərinə görə də heç də xatirə janrında yazılmış bədii əsərlərdən geri qalmır. Kitabı vərəqlədikcə, ötən əsrin 30-cu illərindən bu yana Azərbaycanın tarixinin müxtəlif mərhələləri də göz önündən keçir, eyni zamanda, bugünkü dövlətimizin iqtisadi müstəqilliyinin həmin illərdə təməlini qoymuş insanların peşəkarlığına, vətənpərvərliyinə, daha yüksək vəzifə tutanların isə həm də uzaqgörənliyinə minnətdarlıq etməyə bilmirsən. Bu baxımdan xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizin neft sənayesinin inkişafı, xüsusən dənizdəki yataqların işlənilməsi sahəsində gördüyü nəhəng işlər barədə ətraflı söhbət açılır. Eyni zamanda, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra ölkənin əsas sərvətindən gənc dövlətin tərəqqisi naminə istifadə edilməsi üçün işlənib hazırlanmış Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinə, dövlətimizin başçısı İlham Əliyevin vaxtilə ARDNŞ-in birinci vitse-prezidenti kimi bu sahədəki böyük xidmətlərinə geniş yer verilir. Xoşbəxt Yusifzadə hər iki mərhələdə görülən bu işlərin bilavasitə və fəal iştirakçılarından olduğuna görə, onun yazdıqları daha mötəbər və cəlbedicidir.
Müəllifin özünün mənalı həyat yolundan bəhs edərkən uzun illər birgə çalışdığı həmkarları, habelə doğma və yaxın adamları haqqında böyük səmimiyyətlə söhbət açması xüsusi rəğbət hissi doğurur və onun görkəmli neftçi-alim olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik, incə yumorlu geniş qəlbli şəxsiyyətindən xəbər verir.
Jurnalist həmkarımız Ələkbər Abbasovun səriştəli redaktəsi ilə buraxılmış bu kitabı qısa “Son söz”lə tamamlayan müəllif yazır: “...Bu kitabı mən sevimli Vətənimin oğul və qızlarına ünvanlayıram. Xatirələrim siyasi və iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, Azərbaycanın çiçəklənən bir diyara çevrilib dünya dövlətləri arasında daha layiqli yer tutması işində onlara azacıq da olsa kömək etsə, özümü xoşbəxt sanaram”.
Əminik ki, belə də olacaq, eyni zamanda, görkəmli neftçi-alimimiz özünün istedad və bacarığı, yüksək peşəkarlığı və zəngin təcrübəsi ilə doğma xalqına, qəlbən bağlı olduğu Vətəninə hələ uzun illər xidmət edəcəkdir. Bu yolda ona yeni uğurlar, özünə, adına və canlı neftçi peşəsinə layiq xoşbəxt günlər arzulayırıq.