REGİONLAR
On ayda Qəbələdə 13,9 milyon manatlıq sənaye məhsulu ixrac olunub
Qəbələ, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 118 milyon 206,2 min manatlıq məhsul istehsal olunub.
Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 876,4 min manat və ya 12,2 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 10,5 faizi dövlət, 89,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bildirilib ki, 10 ayda rayonda 13 milyon 987,4 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 11,8 faizini təşkil edir.
Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-oktyabr aylarında rayonda istehsal edilən sənaye məhsulunun 82,7 faizi emal sektorunun payına düşüb.