On bir yaşlı şahmatçı qadınlar arasında ölkə çempionatına liderlik edir
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, çempionatın əvvəlki iki turunda qələbə qazanan 11 yaşlı Səmra Qasımova (1693) turnir cədvəlinin lideridir. Onunla eyni xala malik olan tanınmış şahmatçı Zeynəb Məmmədyarova digər göstəricilərə görə ikinci pillədə qərarlaşıb. Bu gün keçiriləcək üçüncü turda S.Qasımova Z.Məmmədyarova ilə mübarizə aparacaq.
Qeyd edək ki, qadınlar arasında builki ölkə çempionatında Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar bacıları, Aydan Höcətova kimi güclü şahmatçılar da qalib adı uğrunda yarışırlar.
İsveçrə sistemi üzrə 9 turdan ibarət ölkə çempionatına fevralın 12-də yekun vurulacaq.