ORTA ASİYA AVROPA İLƏ ASİYA ARASINDA KÖRPÜ ROLUNU OYNAYA BİLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının növbəti iş günündə müxtəlif məsələlərlə yanaşı, “Orta Asiya respublikalarında vəziyyət” mövzusu ətrafında da müzakirələr aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müzakirə zamanı çıxışında Avropanın Asiya regionu ilə bağlı məsələyə xüsusi diqqət yetirməsinin vacibliyini qeyd etmiş və göstərmişdir ki, Orta Asiya Avropa ilə Asiya arasında körpü rolunu oynaya bilər.
Orta Asya respublikalarının totalitar rejimdən uzaqlaşaraq artıq demokratik inkişaf yolunu tutmasına diqqəti yönəltmiş azərbaycanlı deputat onların arasında Qazaxıstanın regionda iqtisadi cəhətdən inkişaf edən ölkəyə çevrilməsini, Avropa dövlətlərinin bu respublika ilə iqtisadi və digər sahələrdə əlaqələr qurmaqda maraqlı olduqlarını bildirmişdir.
S.Seyidov əhalisi əsasən müsəlmanlardan ibarət olan Qazaxıstanda bütün xalqların mehriban və dostluq şəraitində yaşadıqlarını xatırlatmış, Orta Asiyanın bütün respublikaları ilə, o cümlədən güclü iqtisadi potensiala malik Qazaxıstanla Azərbaycan arasında mövcud dostluq əlaqələrinə toxunmuş, ölkəmizin müəyyən məsələlərdə Qazaxıstanı dəstəklədiyini vurğulamışdır. “Avropa nə qədər Qazaxıstana lazımdırsa, Qazaxıstan da Avropaya bir o qədər lazımdır” fikrini irəli sürmüş azərbaycanlı deputat ölkəmizin Qazaxıstanın Avropa Şurasına üzvlüyə qəbuluna və yaxud müşahidəçi statusu ilə təmsilçiliyinə tərəfdar olduğunu bildirmişdir.
Bununla AŞPA-nın qış sessiyasının üçüncü iş günü başa çatmışdır.