REGİONLAR
Ötən il Astarada 1782 nəfərə subsidiya verilib
![Ötən il Astarada 1782 nəfərə subsidiya verilib](/files/2020/1/1200x630/15831589381956114497_1200x630.jpg)
Astara, 2 mart, Bağır Əliyev, AZƏRTAC
Ötən il Astara rayonunda 1782 nəfərə 309885,1 manat subsidiya verilib. Bu, məhsul istehsalçılarının ailə büdcəsinin formalaşmasına və rayonda kənd təsərrüfatı məhsullarının inkişafına müsbət təsir göstərib.
Bu barədə Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Bildirilib ki, 2020-ci ildən etibarən isə bitkiçilik, heyvandarlıq, arıçılıq, baramaçılıq və digər subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçiriləcək.
Diqqətə çatdırılıb ki, Astara rayonunda prioritet sahələrdən olan çayçılıq, sitrusçuluq, çəltikçilik, tərəvəzçilik və heyvandarlıq üzrə əmsallar aşağıdakı kimi müəyyənləşdirilib:
Yeni intensiv üsullarla çay sahələrinin salınması üçün əmsal 3, 5, 1 hektar subsidiya məbləği 700 manat, 7 ildən sonra isə əmsal 1, 2, 1 hektar subsidiya məbləği 240 manat;
Sitrus bağlarının salınması üçün ilk 4 il üçün əmsal 4, 1 hektar olan subsidiya məbləği 800 manat, 4 ildən sonra isə əmsal 1, 2, 1 hektar subsidiya məbləği 240 manat;
Çəltik əkini üzrə əmsal 1,4 subsidiya məbləği 1 hektar üçün 280 manat;
Tərəvəz bitkiləri üzrə əmsal 1,2 1 hektar subsidiya məbləği 240 manat;
Bostan bitkiləri üzrə əmsal 1,1, 1 hektar subsidiya məbləği 220 manat;
Digər bitkilər üzrə subsidiya əmsalı 0,5 olmaqla 1 hektar subsidiya məbləği 100 manat müəyyən edilib.
Artıq EKTİS-də payızlıq əkinlərin bəyan etdirilməsi prosesi başa çatdırılaraq monitorinq mərhələsinə başlanılıb.
Eyni zamanda, süni mayalanma yolu ilə alınmış buzovlara görə subsidiyaların verilməsi məqsədilə müraciətlər də EKTİS-də qeydiyyata alınır.