DÜNYA
Ötən il Əbu-Dabiyə 10 milyondan çox xarici turist gəlib
Əbu-Dabi, 28 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi 2018-ci ildə 10,27 milyon xarici turist qəbul edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, BƏƏ Mədəniyyət və Turizm Departamentinin məlumatına görə, inişillə müqayisədə ötən il turist axını 3,94 faiz artıb. Turistlərin çoxu Hindistan, ABŞ və Çindən gəlib. Avropadan gələnlər arasında lider Böyük Britaniya olub.
Mədəniyyət və Turizm Departamentində əldə olunmuş göstəricilərə görə məmnunluq ifadə olunub. Departamentdən bildiriblər ki, turist axınının gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək. Məlumatda deyilir ki, ötən il Səadiyyət adası, xüsusən “Luvr Əbu-Dabi” muzeyi 1 milyondan çox turist cəlb edib. Əbu-Dabi kruiz turizminə də xüsusi diqqət yetirir. 2018-ci ildə Əbu-Dabiyə dəniz nəqliyyatı ilə 350 mindən çox turist gəlib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi