REGİONLAR
Ötənilki məhsuldarlıq salyanlı fermerlərin taxılçılığa marağını daha da artırıb VİDEO
Salyan, 13 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC
Kənd təsərrüfatında strateji sahə olan taxılçılığın inkişaf etdirilməsi respublikamızda daim diqqət mərkəzindədir. Salyanda da ötən il taxıl səpini optimal şəkildə aparılıb. Fermerlər bu il məhsuldarlığın daha yüksək olacağını deyirlər.
Keçən il rayonda ümumilikdə 16 min 867 hektar sahədə taxıl əkilib. Bunun 6274 hektarı buğda, 10 min 593 hektarı isə arpa sahəsidir. Bu sahələrin 15 min 729 hektarında taxıl biçini aparılıb. Nəticədə 50 min 795 hektar, yəni orta hesabla 32,3 sentner məhsul əldə edilib.
AZƏRTAC xəbər verir ki, ötənilki məhsuldarlıq salyanlı fermerlərin bu sahəyə marağını daha da artırıb. Hazırda rayondakı taxıl sahələrində normal çıxış alınıb. Fermerlərin dediyinə görə, bu il də taxıl sahələrində məhsul bolluğu olacaq.
Fermer Namiq Qaraşov: “Keçən il də taxıl əkmişdik, 4 hektar sahədə. 30 sentner məhsul götürmüşdük. Bu il də yəqin ki, 35-40 sentner məhsul götürərik. Dövlət tərəfindən subsidiya alırıq, vəsait kartımıza yüklənir. Həmin pulla müəyyən işlərimizi görürük. Dərmanlarımızı alır, sahələrə gübrə veririk. Keçən il “Qobustan” sortundan olan taxıl əkdik, məhsuldarlıq pis olmadı. Bu il isə “Əsgəran” sortu alıb əkmişik. İnşallah, bu da yaxşı olar”.
Bütün aqrotexniki tədbirləri həyata keçirən salyanlı fermerlər bu il taxılın əsasən yerli sortlarına müraciət ediblər. Yerli sortlar həm iqlimə uyğundur, həm də məhsuldardır.
Keçən il 2 hektar sahədə buğda əkən fermer Mahir Cavadov da bol məhsul götürüb. “Bu il 3 hektar sahədə əkmişəm, 40 sentner götürmək şansımız var. Ötən il su problemimiz olmayıb, inşallah, bu il də olmaz. Yağış yağıb, yaxşı çıxış alınıb”, - deyə o bildirib.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Rişad Əsgərli deyir ki, taxılçı fermerlər bu dövrdə becərmə zamanı diqqətli olmalıdırlar: “Buğda və arpa vacib strateji məhsul olduğu üçün hər il fermerlər bu bitkilərin əkinlərinə xüsusi önəm verirlər. Belə ki, Salyan rayonunda taxıl səpinləri optimal müddətdə başa çatdırılıb, hazırda sahələrdə birinci vegetasiya suvarması aparılır. Aran rayonlarında, o cümlədən Salyanda qış fəsli sərt keçmədiyindən fermerlərə tövsiyə edirik ki, taxıl bitkilərində birinci, ikinci, üçüncü vegetasiya suvarmaları, o cümlədən kökdənkənar əlavə gübrələmə vaxtında və keyfiyyətli aparılsın. Nəticədə sahələrdə bol məhsuldarlıq əldə ediləcək”.