Özbək alimlərin monoqrafiyasında akademik Ziya Bünyadova xüsusi bölmə həsr edilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Özbəkistan Respublikası Ürgənc İnnovativ Universitetinin rektoru dosent Mədəmin Eşmuradov və Xarəzm Məmun Akademiyasının baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Ümid Bekmühəmmədin “Şərqə tapınan şərqşünaslar” monoqrafiyası Buxara şəhərindəki “Durdona” nəşriyyatında işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, monoqrafiyada Şərq xalqlarının dünyada yeri və rolu, eləcə də dünyada şərqşünaslıq elminin yaranması və formalaşması, bu regionu tədqiq edən institutları, Rusiyada və Avropada formalaşan şərqşünaslıq elmi-tədqiqat mərkəzləri, bu elmin inkişafında böyük xidmətləri olan məşhur rus və macar alimlərinin həyat və yaradıcılığı tədqiq edilib. Monoqrafiyada elmi və şəxsi fəaliyyəti ilə Xarəzmdə dostluq rəmzinə çevrilmiş Azərbaycan xalqının görkəmli oğlu, akademik Ziya Bünyadova da geniş yer verilib. “Ziya Bünyadov və Xarəzm tarixi” adlı xüsusi bölmədə akademikin həyatı, yaradıcılığı, şərqşünaslıq elminə verdiyi töhfələr, Özbəkistan və Xarəzmə səfərlərindən bəhs edilir.
Müəlliflər Ziya Bünyadovun “Xarəzmşah-Anuştegenlər dövləti” əsərini xarəzmşünaslığa böyük töhfə və indiyədək yazılmış ilk və nadir əsər kimi qiymətləndiriblər. Həmçinin alimin səfəri zamanı onunla tanış olub dostlaşan Tahir Qəhhar, Pirmət Şermuhammedov, Nurəli Qabul, Mahkam Mahmud, Azad Hüseynov, Aşıq Erkin, Kamil Əvəz kimi alimlərin xatirələri vasitəsilə Ziya Bünyadov fenomenini üzə çıxarıblar.
Monoqrafiyanın maraqlı məziyyətlərindən biri də müəlliflərin irəli sürdükləri təkliflərdir: “Məlumdur ki, Ziya Bünyadov Özbəkistanda dəfələrlə olub, elm və incəsənət xadimləri ilə söhbət edib. Alimin bu müsahibələri və müxtəlif məqalələri “Özbəkistan ədəbiyyatı və incəsənəti”, “Şərq ulduzu”, “Gülüstan”, “Xarəzm həqiqəti”, “Xarəzmskaya pravda” qəzetlərində dərc olunub. Həmçinin Ziya Bünyadovun ÖzTV və Xarəzm TV-yə verdiyi müsahibələr televiziya arxivində qorunub saxlanılıb. Ziya Bünyadovun Özbəkistan mətbuatında dərc olunmuş məqalələri, müsahibələri, onunla görüşən həmvətənlərimizin xatirələri, eləcə də alimin tərcümə olunmuş əsərlərindən ibarət kitab nəşr edilməlidir. Belə bir böyük Azərbaycan alimi haqqında sənədli film çəkmək, “Ürgənc şəhərinin fəxri vətəndaşı” olan alimin şərəfinə Xarəzm vilayətinin mərkəzində alimin adına prospekt və heykəl ucaltmaq lazımdır və Ürgənc Dövlət Universitetinin istedadlı tələbələri üçün Ziya Bünyadov adına təqaüd tətbiq edilsin”.