Özbəkistan portalında Azərbaycan ilə bağlı məqalə yerləşdirilib
Daşkənd, 28 sentyabr, AZƏRTAC
Özbəkistanın UzDaily.uz portalında jurnalist Rimma Sabircanovanın Azərbaycan ilə bağlı rus dilində ikinci məqaləsi yerləşdirilib.
Yazıda Şirvanşahlar sarayı, Qız qalası, İçərişəhər, Dənizkənarı Milli Park və Bakının digər görməli yerləri, bu məkanların tarixi haqqında ətraflı bəhs edilir.
Müəllif keçmiş SSRİ dövründə İçərişəhərdə çəkilən məşhur filmlər haqqında da danışır, bu kinolentlərin bütün dünyada məşhur olduğunu bildirir.
Məqalədə Azərbaycanın iqtisadi inkişafı, neft strategiyası haqqında məlumat verən müəllif Bakıda keçirilən mötəbər tədbirlərdən də danışır.
Xatırladaq ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarları üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində bu ilin iyulunda Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub. Müəllif bu məqaləni həmin təəssüratlar əsasında yazıb.
Layihəyə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd