Özbəkistanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda seminar keçirib
Bakı, 31 iyul, AZƏRTAC
Özbəkistan Elmlər Akademiyası Genetika və Eksperimental Biologiya İnstitutunun əməkdaşları professor Fəxrəddin Kuşanov və böyük elmi işçi Ozod Turayev Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar institutun laboratoriyaları və burada aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.
Sonra elmi seminar keçirilib. Seminarda sıxış edən institutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bu cür tədbirlərin keçirilməsinin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.
Fəxrəddin Kuşanov apardığı elmi-tədqiqat işlərinin əsas istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib. Qeyd edib ki, hazırda onun rəhbərlik etdiyi laboratoriyada müasir genetik və biotexnoloji metodlardan istifadə etməklə yeni pambıq sortlarının yaradılması və tətbiqi istiqamətində geniş tədqiqatlar aparılır. Pambıq genofondunun kolleksiyasına 7500 sort nümunə daxil edilib.
Sonda özbəkistanlı alim institut əməkdaşlarının suallarını cavablandırıb.