“Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının yeni istiqamətləri müzakirə olunub
Bakı, 19 iyun, AZƏRTAC
“Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulmuş bir sıra mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə bu gün videokonfrans keçirilib və yeni istiqamətlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, mətbuat katibləri virusdan qorunma yollarının, karantin rejiminin tələblərinə riayət edilməsinin geniş təbliğinin, bununla bağlı çağırışların davamlı olmasının zəruriliyini qeyd ediblər.
COVID-19 virusunun sürətlə yayıldığı, vətəndaşların daha ehtiyatlı və məsuliyyətli davranmaları, risklərdən maksimum uzaq olmaları üçün əlavə maarifləndirici tədbirlərə ehtiyac duyulduğu dönəmdə həmrəylik nümayiş etdirən sözçülər “Biz birlikdə güclüyük” və “Özünü qoru, çevrəni xilas et” heşteqləri altında maarifləndirici yazıların, müxtəlif videoçarxların və digər təbliğat vasitələrinin ictimailəşdirilməsinin vacibliyini vurğulayıblar.
Media Hərəkatında birləşən mətbuat katibləri, həmçinin sosial şəbəkələrdə bu çətin vəziyyətlə mübarizədə vətəndaşları məsuliyyətli olmağa, biganəliyə yol verməməyə, maska taxmağa, sosial məsafəni gözləməyə və gigiyenik vasitələrdən istifadə edərək yeni qaydalarla yaşamağı öyrənməyə çağıran paylaşımlar etmək barədə yekdil qərara gəliblər.