PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏF BAKININ GÖRMƏLİ YERLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
“Şirvanşahlar sarayı kompleksi” Dövlət tarix-memarlıq muzey-qoruğu ilə tanışlıq zamanı Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa məlumat verdi ki, XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar sarayı ansamblı Azərbaycan memarlığının incilərindən biridir. Onun tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsindədir. Üç terras-həyətdə yerləşən ansambl dənizdən və şəhəri dövrəyə almış yüksəkliklərdən görünür.
Muzey-qoruğun direktoru Sevda Dadaşova Şirvanşah I Xəlilullahın rəmzi fərmanını Pakistan Prezidentinə təqdim etdi. Prezident Pərviz Müşərrəf bu fərmanla sarayın mühafizlərindən biri təyin olundu.
Sonra ali qonaq və onu müşayiət edən şəxslər “Azərxalça” İstehsalat Birliyinin İçərişəhərdəki sərgi salonuna gəldilər. Pakistan Prezidenti ümummilli liderimiz Heydər Əliyevin, habelə Nizaminin, Nəsiminin portretləri toxunan xalçaların tamamlama işləri ilə tanış oldu. Birliyin baş direktoru, xalq rəssamı, professor Kamil Əliyev Azərbaycan xalçaları haqqında ətraflı məlumat verdi. Prezident Pərviz Müşərrəf burada xatirə şəkli çəkdirdi.
Pakistanlı qonaqlar Karvansarada da oldular. Pakistan rəhbəri və xanımı burada çay süfrəsinə dəvət edildilər, qədim musiqi alətləri ansamblının ifasında Azərbaycan musiqisini dinlədilər. Prezident Pərviz Müşərrəf musiqiçilərə hədiyyələr təqdim etdi, onlarla xatirə şəkli çəkdirdi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa əl ilə toxunmuş xalça, paytaxtımız haqqında kitab və videokaset hədiyyə etdi.
Sonra Pakistan Prezidenti Bakının rəmzi sayılan qədim Qız qalası ilə tanış oldu, ona bu abidə haqqında məlumat verildi. “Laza” xalça firmasının müdiri Dağlar Səfərov Prezident Pərviz Müşərrəfə üzərində onun portreti toxunmuş xalça, habelə ali qonağın bitki toxumlarından işlənmiş portretini təqdim etdi. Pakistan rəhbəri də xatirə hədiyyəsi verdi.