“PARİS UŞAQLARIN GÖZÜ İLƏ” RƏSM MÜSABİQƏSİNİN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq bildirmişdir ki, “Parfyums De Frans” şirkətinin Fransanın Azərbaycandakı səfirliyi və Dövlət Komitəsinin dəstəyi ilə 5 uşaq evində - Saraydakı 7 nömrəli, Maştağadakı 1 nömrəli uşaq evləri-internat məktəbləri, “Ümid yeri” uşaq evi, Şüvəlandakı və Mingəçevirdəki internat məktəblərində keçirdiyi aksiyada uşaqlara Fransanın mədəniyyəti və ənənələri, Paris və onun görməli yerləri barədə məlumat verilmişdir. Tədbir çərçivəsində rəsm müsabiqəsi elan olunmuşdur.
Bu gün aksiyada iştirak edən uşaq evləri və internat məktəbləri şagirdlərinin 80-dən çox rəsmindən ibarət sərgi təşkil edilmişdir.
Sonra münsiflər heyəti qaliblərin adlarını elan etmiş, onlara mükafatlar verilmişdir. Mükafatları BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun vitse-prezidenti professor Nərgiz Paşayeva, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Fransanın Azərbaycandakı səfiri Bernar Amodrik dü Şafo, tanınmış modelyer Fəxriyyə Xələfova, “Parfyum De Frans” şirkətinin prezidenti Nərminə Abdinbəyova-Kərimova təqdim etmişlər. Birinci mükafatın sahibi Veysəl Vəliyev Parisə səfər etmək imkanı qazanmışdır. İkinci mükafat Dmitri Karxaninə, üçüncü mükafat isə Zamiq Hüseynova təqdim olunmuşdur. Tədbir iştirakçıları gənc rəssamları təbrik etmiş, onlara rəsmlərini uzaq ölkələrdə, habelə Parisdə sərgiləndirməyi arzulamışlar.
Sonda sərgidə nümayiş etdirilən rəsmlərin hərracı keçirilmişdir. Hərracdan əldə olunan vəsait uşaq evlərinə yardım məqsədi ilə istifadə olunacaqdır.