Parisdə “Salle Cortot”da beynəlxalq musiqi layihəsinə yekun vurulub
Paris, 6 fevral, AZƏRTAC
Fransa paytaxtının nüfuzlu “Cortot” zalında “Concerts de Midi et Demi” silsiləsi çərçivəsində keçirilən konsert aylarla davam edən beynəlxalq musiqi layihəsinin uğurlu yekunu kimi yadda qalıb. Layihə ukraynalı mezzo-soprano Olha Krepsin təşəbbüsü və bədii rəhbərliyi ilə bir ildən artıq müddətdə formalaşaraq, peşəkar musiqiçilərin cəlb olunmasını, intensiv məşqləri və yüksəksəviyyəli təşkilati prosesi əhatə edib.
AZƏRTAC xəbər verir ki, konsertdə azərbaycanlı gənc fleytaçı Ağarəhim Quliyev də iştirak edib. O, “École Normale de Musique de Paris” musiqi məktəbini “Artist Diploma” dərəcəsi ilə bitirib, solist kimi çıxış edir, AVEY musiqi qrupuna rəhbərlik edir və klassik musiqi sahəsində fəaliyyət göstərən “AGRecords” prodakşnının təsisçisidir. Onun layihəyə dəvəti proqramın beynəlxalq miqyasını və Azərbaycan musiqiçilərinin xaricdə artan tanınmasını nümayiş etdirib.
Azərbaycanlı fleytaçının da iştirak etdiyi layihə görkəmli italyan bəstəkarı Covanni Battista Pergolezinin “Stabat Mater” əsərinin ifası ətrafında qurulub. Konsert proqramına İohan Sebastyan Baxın violonçel sonatası da daxil edilib ki, bu da axşama dərinlik və bədii bütövlük qatıb.
Konsertin aparıcısı və proqramın kuratoru Stefan Frederik layihənin koordinasiyasına və təqdimatına rəhbərlik edib. Olha Krepsin dəvəti ilə formalaşan ansambl yüksək peşəkarlığı ilə seçilib.
İfaçılar Avropanın aparıcı musiqi təhsil ocaqlarından olan “École Normale de Musique de Paris Alfred Cortot”un məzunları və hazırkı tələbələridir. Bu layihənin akademik və peşəkar səviyyəsini bir daha təsdiqləyir.