Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb
Ağdam, 5 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayon Mahrızlı kəndində Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun anım günü münasibətilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin, qazilərin, təhsil və mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Rahib Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edənlər Rahib Məmmədovun mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs ediblər. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Kənddə Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Tədbir zamanı məktəblilər cəsur əsgərin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər. Sonra Gürcüstan Respublikasında Rahib Məmmədovun xatirəsinə çəkilmiş “19 yaşlı xilaskar” adlı sənədli film nümayiş etdirilib.
Döyüş şöhrəti muzeyinin əməkdaşları Rahib Məmmədovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.