Paytaxt meriyasının layihəsinə Pirallahı rayonu da qoşulub
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Bu ilin aprelindən Bakının Pirallahı rayonunda da layihənin icrasına başlanılması nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihəyə yeni qoşulacaq Pirallahı rayonunda hazırlıq işləri çərçivəsində, ilk növbədə, 64 konteyner meydançası yaradılıb. Bu meydançalara yaşıl və narıncı rənglərdə 294 yeni, müasir konteyner quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Pirallahı rayonunun məhəllə və həyətlərində görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Pirallahı Rayon İcra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün dövlətimizin başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 yeni avtonəqliyyat vasitəsi və mexanizmlər alınaraq xidmətlərin istifadəsinə verilib və proses davam edir.