Paytaxtın Sabunçu rayonunda ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 24 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən nəzarət tədbirləri çərçivəsində Bakının Sabunçu rayonu, Bakıxanov şəhərtipli qəsəbəsində K.Setkin küçəsi, 4081-ci məhəllədə fiziki şəxs Kazımov Şahin Şakir oğluna məxsus “Napoleon Hall” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Xammalların qəbulu və saxlanılması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Döşəmə, divar və tavanların hamar, təmirli, asan təmizlənən və müntəzəm dezinfeksiya işlərinin aparılmasını təmin edən materialla üzlənmədiyi, o cümlədən tamlığının pozulduğu, işçi masaların və yuma sahəsindəki rəflərin asan yuyulabilən və gigiyenik səthə malik olmadığı, yuma çanağının korroziyaya uğradığı, əsas və yardımçı sahələrdə havalandırma sisteminin quraşdırılmadığı, çirkab su borularının izolyasiya edilmədiyi, soyuq və isti yeməklərin hazırlanması sahələrinin ayrılmadığı, manqalın isti və soyuq yeməklərin hazırlanması sahəsində yerləşdirildiyi, işçi heyət üçün fərdi dolablarla təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.