Pekin Amerika texnologiyalarından asılılığı azaltmağa çalışır
Bakı, 8 sentyabr, AZƏRTAC
Çin rəsmi qurumlar və dövlət şirkətləri də daxil olmaqla, bütün dövlət qurumlarında “iPhone”dan istifadəni qadağan edib. Sözügedən xəbərdən sonra “Apple”ın səhmləri 4 faizə qədər dəyər itirib.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, Çin mərkəzi dövlət qurumlarının məmurlarına “iPhone” və digər xarici markalı cihazlardan iş üçün istifadə etməməyi və onları ofisə gətirməməyi əmr edib.
“Bloomberg”in məlumatına görə, Pekin bu məhdudiyyəti dövlət müəssisələri və hökumətin nəzarətində olan digər təşkilatlar da daxil olmaqla daha geniş əraziyə yaymağı planlaşdırır.
Son qərarla dünyanın iki ən böyük texnologiya istehsalçısı ABŞ və Çin arasında artan texnologiya gərginliyi daha da alovlana bilər. Ekspertlər bildirirlər ki, bu addım Pekin administrasiyasının Amerika texnologiyalarından asılılığını azaltmaq üçün atdığı addımdır.
Çin təkcə “Apple”in ən böyük xarici bazarı deyil, həm də şirkətin qlobal istehsal bazasıdır. Bu səbəbdən də gəlirinin 20 faizini Çindən əldə edən şirkətin gələcəyi investorları narahat edir. “Apple” mesajlaşma, sosial media, videopaylaşma və veb-brauzerlər kimi populyar xidmətlərin onlayn çatdırılma üsulunu tənzimləyən hüquqi öhdəliklərdən təsirlənən “Alphabet”, “Amazon” və “Meta” da daxil olmaqla Avropada altı böyük texnologiya şirkətindən biridir.
Digər tərəfdən, son illərdə ABŞ və bir çox Avropa İttifaqı ölkələrində təhlükəsizlik səbəbi ilə Çin “Tik-Tok” tətbiqinin istifadəsi məhdudlaşdırılıb.