PENİTENSİAR SİSTEMDƏ İCTİMAİ NƏZARƏT GÜCLƏNDİRİLİR
Məhkumların saxlanma şəraiti yaxşılaşdırılır, onların hüquqlarının etibarlı qorunması üçün digər tədbirlərlə yanaşı, penitensiar müəssisələrin fəaliyyətində şəffaflıq təmin olunur.
Ölkəmizin Prezidentinin penitensiar sistemdə mövcud ciddi nöqsanların aradan qaldırılması barədə tapşırıqlarına uyğun olaraq, son dövrdə Ədliyyə Nazirliyi tərəfindən görülən əsaslı tədbirlər sırasında ictimai təşkilatlarla sıx işgüzar əlaqələr qurulmuş, mütəmadi obyektiv monitorinqlərin və məhkumlarla görüşlərin keçirilməsinə şərait yaradılmışdır. Belə ki, bütün müraciətlər təmin edilərək, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri və KİV tərəfindən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında ötən il 84, cari ilin birinci yarısında isə 46 monitorinq, başçəkmə və görüş keçirilmişdir. Qaldırılan məsələlər operativ həllini tapmışdır.
Hüquq müdafiə təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi üçün geniş konfrans keçirilmiş, QHT-lərlə Ədliyyə Nazirliyi arasında «Qarşılıqlı Anlaşma Memorandumu» qəbul edilmişdir. Əməkdaşlığı yeni müstəviyə keçirmək məqsədi ilə nazirlik tərəfindən «Məhkumların islah edilməsində ictimaiyyətin iştirakı və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi Qaydaları» hazırlanaraq, kollegiyada təsdiq olunmuşdur.
Həmin Qaydalara uyğun ictimai nəzarəti həyata keçirən İctimai Komitəni formalaşdırmaq üçün aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparılaraq, geniş tərkibli seçki komissiyası yaradılmışdır.
Bu il iyulun 6-da ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə komissiyanın birinci iclası keçirilmişdir.
İclası açan nazir deputatlardan, alimlərdən, din xadimlərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət seçki komissiyasının üzərinə düşən mühüm vəzifələrdən danışaraq, penitensiar sistemin fəaliyyətində şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirildiyini qeyd etmiş, ictimai nəzarətin daha mütəşəkkil və təsirli həyata keçirilməsi məqsədinə nail olmaq üçün yaradılan İctimai Komitənin əhəmiyyətini vurğulamışdır.
İclasda Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Salman, Vəkillər Kollegiyası rəyasət heyətinin üzvü Şəfayət Həsənov, Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov, Milli QHT Forumu idarə heyətinin sədr müavini Dilarə Vəliyeva və başqaları çıxış edərək, penitensiar sistemdə aparılan islahatları müsbət dəyərləndirmiş, ictimai nəzarətin həyata keçirilməsində İctimai Komitənin rolunu vurğulamış, bu sahədə Ədliyyə Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirmişlər. Onlar komissiyanın işində fəal iştirak edərək, insan hüquqlarının daha etibarlı təmin olunmasında səylərini əsirgəməyəcəklərini bildirmişlər.
Seçki komissiyasının iclasında İctimai Komitənin fəaliyyətində iştirak etmək arzusunda olan bir sıra qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin komissiyaya təqdim etdikləri proqram və təkliflərə baxılmışdır.
Komissiya hüquq müdafiəçilərinin və aidiyyəti qeyri-hökumət təşkilatlarının nəzərinə çatdırır ki, verilmiş elana uyğun olaraq, may ayından etibarən İctimai Komitənin fəaliyyətində iştirak etmək üçün müraciətlərin qəbulu davam edir.
Məhkumların islah edilməsində və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - seçki komissiyasına müraciət edə bilərlər. Müraciətə, həmçinin namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətinə və təhsilinə dair sənədlər əlavə edilməlidir.