İQTİSADİYYAT
PERM VİLAYƏTİNİN MÜƏSSİSƏLƏRİ TƏKLİF EDİR
Bir həftəyə yaxındır ki, Rusiyanın Perm vilayəti müəssisə və təşkilatlarının ticarət-iqtisadi missiyası Bakıdadır. Perm Ticarət və Sənaye Palatasının xətti ilə gəlmiş nümayəndə heyəti dənizkənarı Milli parkdakı sərgi salonunda Azərbaycanın iş adamları ilə görüşür, onların sırasından tərəfdaşlar seçirlər. Palatanın vitse-prezidenti Yelena Mironova AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, vilayətin iş adamlarının Azərbaycana marağı böyükdür. Müəssisələrimizin bir çoxu hələ Sovet İttifaqı dövründə Azərbaycanla ticarət-iqtisadi əlaqə saxlayırdılar. Qırılmış əlaqələrin bərpası hər iki tərəfin mənafeyinə uyğundur. Bunu azərbaycanlı iş adamlarının missiyamıza marağı sübut edir. Səfərimizin ilk günündən - ayın 11-dən onlar ayrı-ayrı müəssisələrimizin nümayəndələri ilə ünsiyyətdədirlər. İnanıram ki, bu ünsiyyət işgüzar əlaqələrə çevriləcəkdir. Perm Ticarət və Sənaye Palatası Azərbaycana çox nüfuzlu missiya gətirmişdir. Missiyanın tərkibinə “Azot” Açıq Səhmdar Cəmiyyəti, “Aleksiy” məhdud məsuliyyətli təmir-tikinti müəssisəsi, “Qaltreyd” ticarət evi, “İskra” Elm-İstehsalat Birliyi, Krasnokamsk metal tor zavodu, Kunqur maşınqayırma zavodu, “Lısva metallurgiya zavodu” Səhmdar Şirkəti, Perm mühərrik zavodu, “Splav” istehsal kooperativi, “Ural” Federal dövlət unitar müəssisəsi və digərlərinin nümayəndələri daxildirlər. Bu müəssisələrdə mineral gübrələr, geofizika və neft-mədən avadanlıqları, polad təbəqələrdən tutmuş təyyarə mühərrikləri, avtomat atıcı silah üçün barıta qədər yüzlərcə məhsul istehsal olunur. Nümayəndə heyətinin səfəri iyulun 16-dək davam edəcəkdir.