PERU ÇİLİYƏ SABİQ PREZİDENT FUXİMORİNİN QAYTARILMASI ÜÇÜN RƏSMİ SORĞU GÖNDƏRMİŞDİR
Sorğuda Peru hökuməti A.Fuximorini 12 bənd üzrə, o cümlədən günahsız dinc sakinlərin öldürülməsi üçün hərbiləşdirilmiş qruplaşmalara gizlicə komandanlıq etməkdə, Peru prezidentinin sabiq müşaviri, Milli Kəşfiyyat Xidmətinin başçısı Vladimiro Montesinosa kompensasiya ödənilməsi üçün dövlət vəsaitindən istifadə etməkdə təqsirləndirir.
Peru hökuməti Çili hakimiyyət orqanlarından tələb etmişdir ki, Fuximorinin saxlanılması müddəti bitdikdən sonra o, girovla azad olunması barədə ərizə verərsə, onu qəbul etməsinlər. Peru hökuməti əmindir ki, Fuximori girovla azadlığa buraxılmağa icazə alsa, qaçıb aradan çıxmaq üçün bu fürsətdən istifadə etməyə çalışacaqdır.
Beş il Yaponiyada yaşayan Fuximori keçən ilin noyabrında gözlənilmədən Çiliyə gəlmişdir. O, Santyaqoya gələndən bir neçə saat sonra polis tərəfindən həbs olunmuşdur və hazırda paytaxtdakı Polis Akademiyasının binasında saxlanılır.
Xatırladaq ki, 68 yaşlı A.Fuximori 1990-cı ildən 2000-ci ilədək üç dəfə Peru Prezidenti seçilmişdir. 2000-ci ilin sentyabrında V.Montesinosun müxalif partiyalardan olan deputatları ələ alması ilə əlaqədar qalmaqal qopmuş və bu, ölkədə siyasi böhrana gətirib çıxarmışdır. İki ay sonra beynəlxalq konfransda iştirak edən Fuximori fürsəti əldən verməyərək, siyasi sığınacaq almaq üçün Yaponiyaya qaçmışdır.