Pərvin Əzizli: Azərbaycan gəncləri iqlim dəyişmələrinin həlli sahəsindəki qlobal proseslərdə mühüm rol oynayacaqlar
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu gün Bakı Dövlət Universiteti (BDU), “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və “Sea Breeze” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə I Gənclərin Lokal Konfransının (“LCOY2025 Azərbaycan”) açılış mərasimi keçirilir. Tədbirin əhəmiyyəti böyükdür. Azərbaycan gəncləri ilk dəfə olaraq iqlim dəyişmələrinin həlli istiqamətində qlobal səviyyədə təşəbbüslərlə çıxış edəcək, innovativ ideyaları və praktik həll yolları ilə beynəlxalq ictimaiyyətə töhfə verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin koordinatoru Pərvin Əzizli jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, iki gün davam edəcək konfrans gəncləri, beynəlxalq ekspertləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini və tədqiqatçıları bir araya gətirir. Proqram çərçivəsində iştirakçılar müzakirələrdə, panel sessiyalarda və praktiki məşğələlərdə iştirak edərək iqlim dəyişmələri ilə bağlı bilik və bacarıqlarını artıracaqlar.
Pərvin Əzizli vurğulayıb ki, bu proses gənclərin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəallığının güclənməsinə, onların qlobal çağırışlara cavab verə biləcək təşəbbüslərlə çıxış etmələrinə şərait yaradacaq. Tədbirdə formalaşacaq ideya və təkliflər isə COP30 konfransında dünya gənclərinin adından təqdim olunacaq.