Peşə təhsili üzrə ixtisasların yeni təsnifatı əmək bazarının tələblərinə uyğun hazırlanır
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı peşə təhsili müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışında peşə təhsili sistemində aparılan islahatlar çərçivəsində ixtisas təsnifatının yenilənməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu istiqamətdə görülən işlər əmək bazarının mövcud və perspektiv tələbatına uyğun kadr hazırlığının təmin olunmasına, təhsil proqramlarının təkmilləşdirilməsinə və peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə qeyd edib ki, yeni ixtisas təsnifatı beynəlxalq təcrübə, iqtisadiyyatın prioritet istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanır. Onun sözlərinə görə, təsnifatın yenilənməsi peşə təhsili sahəsində həyata keçirilən digər islahatların icrasına və müasir əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının təşkilinə mühüm töhfə verəcək.
Daha sonra Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva yeni ixtisas təsnifatı layihəsi ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda müxtəlif dövlət qurumları, işəgötürənlər və digər maraqlı tərəflərin rəy və təklifləri əsasında layihədə aparılan dəyişikliklər, struktur yenilikləri, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və gələcək tələblərinə uyğunlaşdırılması, həmçinin beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə peşə təhsili müəssisələrinin nümayəndələri ilə yeni ixtisas təsnifatının tətbiqinin praktiki aspektləri, müəssisələrin yeniliklərə uyğunlaşması və təhsil proqramlarında zəruri dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar layihənin təkmilləşdirilməsinə dair təkliflərini də səsləndiriblər.
Sonda layihə üzrə növbəti mərhələlər və fəaliyyət planı müzakirə olunub.
Müxbir - Nərmin Murad