Peşəkarlıq naminə əməkdaşlıq
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı arasında Əməkdaşlıq memorandumu imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev memorandumu imzalayıb.
Memoranduma əsasən, Elmi-Metodiki Mərkəzlə sözügedən ali təhsil müəssisəsi arasında baş tutacaq əməkdaşlıq çərçivəsində mədəniyyət müəssisələrinin əməkdaşlarının hazırlıq səviyyəsinin artırılmasına, milli mədəniyyətin, ədəbiyyatın tanıdılmasına və təbliğinə, habelə mədəniyyət müəssisələrinin inkişafına xidmət edəcək birgə innovativ layihələr reallaşdırılacaq. Tərəflər bu məqsədlə birgə tədris və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Tədbirdə, həmçinin qarşıda duran hədəflər nəzərə alınmaqla mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq ixtisasartırma kurslarının keçiriləcəyi regionlar müəyyənləşdirilib. Şamaxı şəhəri isə respublika üzrə ixtisaslaşmış mədəniyyət kateqoriyalarından kitabxana işi üzrə təlim bazası kimi seçilib.