Polietilen torbaların istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
Bakı, 26 noyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 16 ünvanında Rəhman İbadova məxsus istehsalat sahəsində yoxlama aparılmışdır.
Məlum olmuşdur ki, polimer torbaların uyğunluq və gigiyenik sertifikatları yoxdur, istehsalı üçün təkrar xammaldan istifadə edilir, üzərində istifadə təyinatına uyğun lazımi məlumatlar yazılmır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar polimer torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş, habelə üzərində istifadə təyinatı haqqında məlumatlar göstərilməmiş 960 kiloqram polietilen torbaların və 460 kiloqram yarımfabrikat halda olan polietilen torbaların satışının qadağan olunması barədə sahibkar Rəhman İbadova icrası məcburi göstəriş verilmişdir.
Eyni nöqsanlar 46-cı məhəllədə “Əlirzaoğlu” MMC-yə məxsus sexdə də aşkar edilmişdir. Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, polimer torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş, habelə üzərində istifadə təyinatı haqqında məlumatların göstərilmədiyi 1799 kiloqram polietilen torbanın və 220 kiloqram yarımfabrikat halda olan polietilen torbanın satışının qadağan olunması barədə “Əlirzaoğlu” MMC-yə icrası məcburi göstəriş verilmişdir.