Politoloq: Feyk məlumatların yayılması Ermənistan siyasi xəttinə xas olan yanaşmadır
Bakı, 24 dekabr, AZƏRTAC
Xankəndində keçirilən aksiyada iştirak edən şəxslərin azlığı diqqət çəkib. Ermənistanın təbliğat maşını uzun illər ərzində bildirib ki, orada çoxsaylı insanlar yaşayır və onların hüquqlarını qorumağa ehtiyac vardır. Lakin biz gördük ki, bütün bu rəqəmlər və həyata keçirilən təbliğat həqiqəti əks etdirmir və feyk məlumatların paylaşılması yenidən üstünlük təşkil edir. Faktiki olaraq orada 15-20 min erməni əsilli şəxs yaşasa da biz görürük ki, beynəlxalq mediada Ermənistan tərəfi sanki Azərbaycan ərazisində 120 min erməninin yaşaması haqqında həqiqəti və reallığı əks etdirməyən məlumatlar dərc edir. Bütün bunlar qəbulolunmazdır və feyk məlumatların paylaşılması Ermənistan siyasi xəttinə xas olan bir yanaşmadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
“Nikol Paşinyandan öncəki Ermənistan liderləri də bu siyasətə üstünlük veriblər. Hazırda da yalan təbliğat tirajlanır. Eyni zamanda, Ermənistanın xüsusi avtobuslarının təşkil olunması, aksiya iştirakçılarına pul mükafatı verilməsi, onların yanacaqla təminatı praktikası da hazırda geniş yayılıb. Separatçılar çox yaxşı anlayırlar ki, bu aksiya iştirakçıları arasında da onlarla həmrəy olmayan şəxslər vardır. Təəssüflər olsun ki, silahlı birləşmələr onları qorxu, təhdid altında saxlayırlar. Etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına imkan verilmir. Buna görə də Azərbaycan müvafiq tədbirlər ata bilər. Eyni zamanda, etnik ermənilər separatçılara Azərbaycan sərvətlərini talayanlara qarşı çıxmalıdırlar. Azərbaycan ərazisində separatizmi pisləməlidirlər. Azərbaycan tərəfi də onların təhlükəsizliyinin təminatını həyata keçirmək üçün müvafiq tədbirlər ata bilər”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Rusiyada öz milyardlarını itirmək qorxusu altında vətəndaşlıqdan imtina edərək Xankəndinə sığınan Ruben Vardanyan kimi cinayətkarlar öz cəzasını almalıdır və onların ətrafında təbii ki, rasional düşüncəli şəxslər yer almamalıdır. Saxta vədlərə və populist çıxışlara inanmamağa böyük ehtiyac vardır.